Şiringül Musayeva. Leyləyin nağılı
Biri var idi, biri yox idi, bir leylək var idi. Bu leylək uzun məsafə qət edərək yenicə bir bağa gəlmişdi. Artıq qocalmış, əldən düşmüş ata — anası bağın nişanlarını ona vermişdi. Və bağda ən uca çinarda möhkəm etibarlı bir yuvalarının olduğunu da söyləmişdilər.
Leylək çətinlik çəkmədən yuvanı tapmışdı. Yuvaya bir balaca əl gəzdirdikdən sonra orada yaşamağa başladı. Artıq özünə bir erkək dost tapmalıydı. Bu vaxt yuvaya bir erkək quş yaxınlaşdı. Məlum oldu ki, o da uzaq yol qət edərək gəlmişdir. Leyləklərin dostluğu baş tutdu və onlar birlikdə bala çıxartmağa hazırlaşdılar. Gündüzlər yaxın ovalıqlarda yemlənir, axşamlar da yuvaya dönüb orada gecələyirdilər .
Dişi leylək üç yumurta qoydu və onun üzərində kürt yatdı. Erkək leylək də onu tək qoymadı, hər cür yardım etdi. Yemək daşıdı, yuvanın qarovulunu çəkdi. Arada erkək leylək yumurtaların üstündə yatdı, dişi leylək uçub yaxın ovalıqlarda yem yedi, su içdi. Uyuşmuş ayaqlarının uyuşuğunu açdı .
Nəhayət, vaxt — vədə yetişdi, yumurtalardan üç bala çıxdı. Onlar halsız, gözləri yumulu və aciz idilər. Eləcə ağızlarını açəb yemək istəyirdilər. Ata leylək yaxınlıqdakı bataqlıqlara, ovalıqlara baş vurur oradan balalarına yem tapıb geri dönürdü. Balaların ikisi yemi dərhal udurdu, biri isə hələlik nəsə yemirdi .
Sonra ana leylək uçub yem dalınca getdi. O daha həssaslıqla yem arayır, ən xırdalarını tapırdı ki, balaca leylək yeyə bilsin .
Xırda leylək yenə də çox az yeyirdi, o biri balalara nisbətən aciz və gücsüz idi .
Ana leylək buna çox da əhəmiyyət vermirdi .
Bir gün ata leylək ovalıqdan geri döndü, ağzındakı yemi yuvanın ortasına tökdü, xeyli yem vardı. Diribaş balalar yemə daraşdı. Zəif bala isə ora bura vurnuxur, yemə dimdik vurur, udmaqda isə çətinlik çəkirdi. Onları seyr edən ata leylək qəmli görünürdü. Ana leylək dözməyib səbəbini soruşdu.
Ata leylək dedi:
— Ovalıqda qoca bir leylək oturub. Mənimlə xeyli söhbət etdi. Daha doğrusu məni sorğu — suala tutub, yuvadakı balaların halını soruşdu. Yuvadakı zəif yavrunu da yemləməyimizi eşidib qəzəbləndi. Qoca leylək bu balanı yuvadan atmalı olduğumuzu söylədi. Bunun genimizdən gələn adət olduğunu vurğuladı .
— Necə yəni ?
-Guya bu bala yaşamayacaq. Yaşasa belə gələcəkdə bizə yük olacaq. Onun üzündən başımız bəlaya girəcək?
— Necə yəni ?
O uzaq ölkələrə uça bilməyəcək. Biz də ona görə uçmayacayıq. Buralarda qalıb soyuqdan tələf olacayıq
— Ah ...ah… Bəs biz nə edək ?
— Gərək o da qidalansın ki, böyüsün. Payızda biz başqa ölkələrə uçanda o da uçsun. Qışda burada güclü şaxta olur, sular donur, heç bir yem filan da olmur. Ac tülkülər, canavarlar, ayılar ova çıxır. O zaman biz onların ilk ovu olacayıq .
— Nə edək? — ana leylək çarəsizliklə inildədi .
— Onu yedizdirməliyik, dərdini tapmalıyıq .
Ata Leylək dimdiyində su gətirdi. Köməkləşib suyu bala leyləyə içirtdilər. O xeyli su içdi. Sonra hətta yemək də yedi. Onlar hər gün belə edir, zəif leylək balası da dirçəlirdi. Artıq o biri balalardan seçilmirdi .
Bir gün qoca Leylək uçub leyləklərin yuvasına yaxın gəldi, bir budağa qonub soruşdu
— Nə etdiniz? Zəif balanı yuvadan atdınızmı?
-Yox o artıq dirçəlib, yaxşıdır .
— Necə yəni siz leyləklərin min illik gələnəksəl adətlərinə qarşımı çıxırsınız? Belə olmaz. O yaşasa belə təkdir. Gələcəkdə kim ona yoldaşlıq edəcək ?
Qoca Leylək qəzəblə yuvaya şığıdı, istədi zəif yavrunu yuvadan atsın. Bu zaman nəfəsi kəsilib tappıltı ilə aşağı, ağacın dibinə düşdü, elə oradaca öldü. Ana Leylək müəmmalı baxışlarla ata leyləyə baxdı
-Deyəsən biz qurtulduq .
-Amma o tək olcaq — ata leylək bikef — bikef bala Leyləyə baxdı.
-Biz tək deyildikmi ?- ana leylək gülümsündü .
-Doğrudan da .
Leyləklər qayğı ilə balalarını yemləməyə başladılar .
Təbiətin sirləri çoxdur .
04.05.2026