
Onu necə adlandırmağımız, əslində, ona münasibətimizin və məqsədimizin göstəricisidir. Biz meşələrə “planetin yaşıl örtüyü”, “bəşəriyyətin ağ ciyəri” də deyə bilərik, “xammal bazası”, “canlı orqanizmlərin ən çox mövcud olduğu məkan” da, yaxud şairlərin dediyi kimi, “zümrüd gözlü gözəl” də...
Ancaq unutmamalıyıq ki, meşələrimiz, hər şeydən əvvəl, canlı orqanizmdir. Onun bizə bağışladığı hər şey: gözəllik də, rahatlıq da, özümüzlə baş-başa qalmaq imkanı da.. ancaq bu canlılıqdan xəbər verir.
Meşələr təkcə ekoloji anlamda əhəmiyyət daşımırlar. Onlar həmçinin bəşəriyyətin tarixi, yaranışı, mənəvi-mədəni sərvətlərinin başlanğıcı kimi də öyrənilməli və araşdırılmalıdırlar. Qədim sivilizasiyaların məhv olma səbəblərindən biri kimi meşələrin qırılması faktını da göstərirlər. Məsələn, Mesopotamiya, Aralıq dənizi, Mərkəzi Amerikanın qədim mədəniyyətləri məhz bu şəkildə Yer üzündən silinmişdir.
Meşələr nə qədər çox ərazini əhatə edərsə, bəşəriyyətə bir o qədər çox xeyir verər. Lakin nədənsə biz insanların fəaliyyətində və yaşamında onu əsir etmək və məhv etmək, satmaq və gəlir götürmək xüsusiyyəti daha qabarıq müşahidə edilir. Bu isə o deməkdir ki, təbiətə vurduğumuz ziyanın içərisində meşələrə dəyən ziyan xüsusi yeri tutur.
Statistikaya nəzər salsaq görərik ki, bütün dünyada meşə örtüyünün azalma prosesi gedir. Hər il təxminən 4,3 milyon hektar meşə sahəsi xəritədən silinir. BMT-nin apardığı araşdırmaların nəticələrinə görə, təkcə 2000-2005-ci illər arasında 229 ölkədə 7,3 milyon hektar meşə sahəsi yox olub. Bir sözlə, bir zamanlar Yer kürəsini bürümüş yaşıl meşə zolaqlarının, demək olar ki, yarısı artıq yoxdur.
Tədqiqatlar göstərir ki, insan ayağının dəymədiyi meşələrdə özünübərpa xüsusiyyəti aktiv olur. Elə canlılar var ki, məhz belə meşələrin dərinliklərində yaşaya bilirlər. Məsələn, xal-xal bayquş ancaq qədim meşələrdə, ağacların kəsilmədiyi yerlərdə, yıxılmamış, amma artıq ölmüş ağaclarda yuva qururlar. Bir çox meşələrdə hələ də bir qrup insanlar tərəfindən ağaclar qırıldığı üçün orada yaşayan canlılar azalmağa və sıradan çıxmağa başlayırlar.
Azərbaycan meşələri Yer kürəsində mövcud meşələrin çox az bir hissəsidir. Bir zamanlar, daha doğrusu, 18-19-cu əsrlərdə Azərbaycan ərazisinin 35%-i meşə ilə örtülü idi. Amma indi bu göstərici 11,4% təşkil edir. Azərbaycanın meşə örtüyü ilə bağlı daha bir problemi mövcuddur: respublikamızın 261 min hektar meşə fondu Ermənistan tərəfindən işğal edilmiş və bilərəkdən ona ziyan (verilmiş, vurulmuş). Ağdərə və Xankəndindəki fıstıq meşələri, Laçındakı iri gövdəli qırmızı palıd meşələri, Bəsitçay qoruğundakı möhtəşəm çinar və qoz ağacları, Kəlbəcər meşəsindəki ayı fındığı ağacları işğalçılar tərəfindən kütləvi qırılaraq xarici ölkələrə satılmışdır.
Buna baxmayaraq, ölkəmizin meşə örtüyü bir çox ağaclarla: daha çox palıd, vələs, qarağac və dəmirağacla zəngindir.
16-20 m-dək hündürlüyü olan bu ağacın adı Qırmızı kitaba düşüb. Möhkəm oduncağa malik olduğundan bir vaxtlar ondan gəmi və maşınqayırmada, toxuculuqda geniş istifadə ediblər. Oduncaq kimi çox qiymətli hesab olunsa da, ciddi mühafizə olunduğundan onun kəsilməsi qəti qadağandır. Bundan başqa, şümşad, nil və ya azad ağacı, qaraçöhrə kimi nadir rast gəlinən ağaclar da meşələrimizin bəzəyidir.
Meşə örtüyünün azalması problemi istər-istəməz onun qorunması məsələsini aktuallaşdırır. Hər ölkə öz milli sərvəti olan meşələri öz imkanları və gücü daxilində qorusa, ümumdünya prosesinə dəstək vermiş olar. Bizim ölkəmizdə də bu istiqamətdə xeyli işlər görülür.
Ümumdünya Təbiəti Mühafizə Fondunun (WWF) Qafqaz ofisi 1 mart 2011-ci il tarixindən Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Cənubi Qafqaz ölkələrində meşə ekosistemlərinin transformasiya yolu ilə iqlim dəyişmələrinə qarşı dözümlülüyün artırılması” adlı layihəyə start verib. Layihənin məqsədi Cənubi Qafqazda meşə ekosistemlərinin iqlim dəyişmələrinin təsirinə qarşı dözümlülüyünü artırmaq və biomüxtəlifliyi zənginləşdirməkdir. Layihə çərçivəsində Yevlax və Ağsu rayonlarında hərəsində 75 ha olmaqla şam meşələrində yerli ağac cinsləri əkilir, meşə mütəxəssisləri üçün təlimlər və iqlim dəyişmələrinin mənfi təsirləri haqqında təbliğat tədbirləri həyata keçirilir.
Amma bütün bunlar insanın meşə örtüyünün artırılması istiqamətində edə biləcəklərinin cüzi hissəsidir. Ən başlıca fəaliyyət insanın özündə - meşəyə münasibətində olmalıdır.
Bunun üçünsə hər birimiz meşəyə yaşamamıza, nəfəs almamıza, gözəlliyi duymamıza və hər an sığınmamıza qucaq açacaq məkan kimi yanaşmalı, onu, ilk növbədə, özümüzdən qorumalıyıq.
10.04.2026