Xoyrat
Nədən yana,
Xalların nədən yana.
Yaxşı dost yaman gündə
Çəkilir nədən yana.
Qarsa yaz,
Bura gündü, Qars ayaz.
Qələm, qurbanın olum,
Qismətimi Qarsa yaz.
Oyanmadı,
Yatır yar, oyanmadı.
Qalandıq bir ocağa,
Mən yandım, o yanmadı.
Ay azaldı,
Göy üzün ayaz aldı.
Getdi, kömək qalmadı,
Arxamız ay azaldı.
Qar qalandı,
Qar yağdı, qar qalandı.
Qarğalar laçın oldu,
Laçınlar qarğalandı.
Qurd ağzı,
Qurd ulaşı, qurd ağzı.
Saya ağla dolunca
Dəydi ona qurd ağzı.
Kəs aranı,
Doldur ver kəsaranı.
Olursan vəfalı ol,
Olmursan, kəs aranı.
Qurud aşı,
Yeməyə qurud aşı.
İnsanın könlü olsa,
Göyərdər quru daşı.
Gəncə daşı,
Kür daşı, Gəncə daşı.
Qonşun bədövlət olsa,
Yıx evin gencə daşı.
Ozan oldum,
Obalar gəzən oldum.
Nə öldüm, nə qurtardım,
Hər dərdə dözən oldum.
Tutun, düşsün,
Batmanın bütün düşsün.
Qərib gəldi vətənə,
Atını tutun, düşsün.
Necə dağlar,
Görünür necə dağlar.
Yetimlik çəkən bilər,
Yaş gözü necə dağlar.
Belə meylər,
İçilməz belə meylər.
Sevən yar sevdiyinin
Axrını beləmi eylər?
Ay Alxas,
Gendə durma, ay Alxas!
Ər başı ərşə qalxar,
Öydə olsa ayal xas.
Hayat-hayat,
Qurulmuş hayat-hayat
Gəzərsən, ömrün artar,
Yatarsan ha yat, ha yat.
Ala quzu,
Yeməyə ala quzu.
Nahaq yerdən ev yıxar
Adamın alaquzu.
10.04.2026