İradə Məmmədova. Sevgi dili

Biri var idi, biri yox idi. Bir kiçik arı var idi. Bu kiçik arının adı Kəhrəba idi. Kəhrəba ilk dəfə bal hazırlamağı sınamaq istədi. O, gözəl bir gül bağçasına gəldi. Bura rəngbərəng çiçəklərlə dolu idi. Onların ətri kiçik arını bihuş etmişdi. O, çiçəkdən çiçəyə atlanırdı. Kəhrəba gülləri qoxlaya-qoxlaya bir çiçəyin üstündə yuxuya getdi. Beləcə bir neçə saat keçdi.

 

Anası onu axtarmağa başladı, çünki Kəhrəba neçə saat idi ki, ortada yox idi. Ana arı çox qorxmuşdu. Birdən onu tapa bilməsə... Başına bir iş gəlsə...

 

Bu zaman bir kəpənəklə qarşılaşdı. Kəpənək onun narahat halını görüb dedi: - Sən kiçik arını axtarırsan? O bizim bağdadır. Gəl, sənə göstərim.

 

Onlar uçaraq böyük bir çiçəyin yanına gəldilər. Çiçək çox gözəl idi. O qədər gözəl rəngləri var idi ki, günəşin şüaları altında parıldayırdı. Arı gözünü ondan çəkə bilmirdi.

 

- Sən nə qədər gözəl bir çiçəksən - dedi arı.



- Hə, hər kəs belə deyir - deyə çiçək özündənrazı şəkildə cavab verdi və Kəhrəbanı göstərib dedi:



- Bu kiçik arını burdan aparın, məni narahat edir.

 

- Əlbəttə, əlbəttə - deyə arı cavab verdi.

 

Amma bu gözəl çiçəyin davranışı onun xoşuna gəlməmişdi. O, balasını oyandırdı. Kəhrəba gözlərini açdı və anasını gördüyünə çox sevindi.

 

Onlar birlikdə gül bağını tərk etmək istəyərkən, bu gözəl çiçəyin yanında kiçik, solmuş bir çiçək gördülər. Arı kəpənəyə çiçəyi göstərib soruşdu:



- Bu çiçəyə nə olub belə?



Kəpənək dedi:

 

Aylar öncə bu çiçək belə deyildi. Çox gözəl bir çiçək idi. Amma onun bədbəxtliyi bu özündənrazı, böyük çiçəyin yanında bitməsi oldu.


Gül bağçasına gələn hər kəsi məftun etməyi bacaran bu böyük çiçək heç kimin bu kiçik çiçəyə diqqət yetirməsinə imkan vermirdi. O da sevgisizlikdən və diqqətsizlikdən belə soldu. O çiçək sevgiyə və gözəl sözlərə həsrət qalıb.

 

Kiçik arı bu söhbətləlri diqqətlə dinləyirdi. 



Onlar evlərinə qayıtdılar. Səhər oyananda ana arı yenə balasını tapa bilmədi. Yenə onu axtarmağa çıxdı. Dolaşa-dolaşa gəlib gül bağçasına çatdı. Nədənsə içindən bir səs onun burada olduğunu söyləyirdi. Bir baxdı ki, balası dostları ilə birlikdə kiçik, solmuş çiçəyə su daşıyır. Ana arı onları müşahidə etməyə başladı. Kəhrəba çiçəyi suladıqdan sonra onunla danışmaq istədi:

 

- Sən çox dəyərlisən. Niyə özünü belə gizlədirsən?

 

- Onsuz da mən heç kimə maraqlı deyiləm. Heç kim məni bəyənmir, sevmir. - deyə kədərli-kədərli söyləndi çiçək. 

 

- Bax, gəl səninlə dost olaq. Səni hər gün ziyarət edəcəyik. Artıq özünü tək hiss etməyəcəksən. 

 

-Yaxşı. - dedi çiçək.

 

Kəhrəba sözündə durdu. Hər gün dostları ilə birlikdə çiçəyi ziyarət etdi. Onunla söhbət etdilər, onunla güldülər, əyləndilər. Çiçəyə dəyərli olduğunu hiss etdirdilər. 

 

Bir gün ana arı balasını müşahidə edərkən gözlərinə inana bilmədi. Çiçək nə qədər gözəlləşmişdi, böyümüşdü. Ətri çox gözəl olmuşdu. O, yaxınlaşıb çiçəyə dedi:

 

- Ay çiçək, sən nə qədər gözəl olmusan. Necə oldu belə dəyişdin?

 

- Ah, arı bacı, həyatımın çox çətin dönəmində idim. Məhv olmaq üzrə idim. Bir kiçik arı məni tapdı. 

 

Mənə o qədər yaxşı davrandı ki, izah edə bilmərəm. Zamanla mənə dəyərli olduğumu hiss etdirdi. Bir də baxdım ki, sevinclə, xoşbəxtliklə böyüyüb boy atmışam. Sən demə mənim sevgiyə ehtiyacım var imiş. Ana arı eşitdiklərinə çox sevindi. Məlum oldu ki, onun kiçik balası bir həyat qurtarıb. Bu nə qədər möhtəşəm bir hiss idi. O, balası ilə fəxr etdi.