İradə Məmmədova. Sevgi dili
Biri var idi, biri yox idi. Bir kiçik arı varidi. Bu kiçik arının adı Kəhrəba idi. Kəhrəba ilk dəfə bal hazırlamağı sınamaq istədi. O, gözəl bir gül bağçasına gəldi. Bura rəngbərəng çiçəklərlə dolu idi. Onların ətri kiçik arını bihuş etmişdi. O, çiçəkdən çiçəyə atlanırdı. Kəhrəba gülləri qoxlaya-qoxlaya bir çiçəyin üstündə yuxuya getdi. Beləcə bir neçə saat keçdi.
Anası onu axtarmağa başladı, çünki Kəhrəba neçə saat idi ki, ortada yox idi. Ana arı çox qorxmuşdu. Birdən onu tapa bilməsə... Başına bir iş gəlsə...
Bu zaman bir kəpənəklə qarşılaşdı. Kəpənək onun narahat halını görüb dedi: - Sən kiçik arını axtarırsan? O bizim bağdadır. Gəl, sənə göstərim.
Onlar uçaraq böyük bir çiçəyin yanına gəldilər. Çiçək çox gözəl idi. O qədər gözəl rəngləri var idi ki, günəşin şüaları altında parıldayırdı. Arı gözünü ondan çəkə bilmirdi.
- Sən nə qədər gözəl bir çiçəksən -dedi arı.
- Hə, hər kəs belə deyir - deyə çiçək özündənrazı şəkildə cavab verdi və Kəhrəbanı göstərib dedi:
- Bu kiçik arını burdan aparın, məni narahat edir.
- Əlbəttə, əlbəttə - deyə arı cavab verdi.
Amma bu gözəl çiçəyin davranışı onun xoşuna gəlməmişdi. O, balasını oyandırdı. Kəhrəba gözlərini açdı və anasını gördüyünə çox sevindi.
Onlar birlikdə gül bağını tərk etmək istəyərkən, bu gğzəl çiçəyin yanında kiçik, solmuş bir çiçək gördülər. Arı kəpənəyə çiçəyi göstərib soruşdu:
- Bu çiçəyə nə olub belə?
Kəpənək dedi:
Aylar öncə bu çiçək belə deyildi. Çox gözəl bir çiçək idi. Amma onun bədbəxtliyi bu özündənrazı, böyük çiçəyin yanında bitməsi oldu.
Gül bağçasına gələn hər kəsi məftun etməyi bacaran bu böyük çiçək heç kimin bu kiçik çiçəyə diqqət yetirməsinə imkan vermirdi. O da sevgisizlikdən və diqqətsizlikdən belə soldu. O çiçək sevgiyə və gözəl sözlərə həsrət qalıb.
Kiçik arı bu söhbətləlri diqqətlə dinləyirdi.
Onlar evlərinə qayıtdılar. Səhər oyananda ana arı yenə balasını tapa bilmədi.