Masallıda peşəyönümlü “Yay məktəbi” başa çatıb
Masallı, 28 avqust, Bağır Əliyev, AZƏRTAC
Masallı rayonunda Təhsil Nazirliyinin “Təhsildə inkişaf və innovasiyalar üzrə ikinci qrant müsabiqəsi”ndə qalib olmuş “11-ci sinif abituriyentlərinin peşəyönümlü yay məktəbi” layihəsi başa çatıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, “Yay məktəbi”ndə Astara, Lənkəran, Masallı, Lerik və Yardımlı rayonlarından olan 11-ci sinfi bitirmiş 30 məzun iştirak edib.
Layihə rəhbəri Peyman Nəhmətov donor və layihə haqqında məlumat verib. Bildirib ki, layihə abituriyentlərin peşə və ixtisas seçimi, karyera planlaması, imtahanlar öncəki stress və digər bu kimi problemlərinin həllinə dəstək olacaq.
Ekspert Nəsimi Bədəlov layihənin vacibliliyindən danışaraq iştirakçılara uğurlar arzulayıb.
İki günlük “Yay məktəbin”də təlimləri beynəlxalq dərəcəli biznes və karyera planlaması üzrə təlimçi Rafət Şirəliyev idarə edib.
28.08.2018