Xəbərlər

Sosial xidmət müəssisəsindəki sağlamlıq imkanları məhdud uşaqlarla görüş keçirilib

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev nazirliyin sağlamlıq imkanları məhdud uşaqlar üçün Bakının Xəzər rayonunda yerləşən 1 saylı sosial xidmət müəssisəsində uşaqlara stasionar şəraitdə göstərilən sosial xidmətlərlə tanış olub.

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, nazir müəssisənin əməkdaşları ilə görüşündə Prezident İlham Əliyevin uğurlu sosial siyasətinin bu sahənin xidmət müəssisələrinin hərtərəfli təminatının da güclənməsinə səbəb olduğunu vurğulayıb. Bu istiqamətdə Heydər Əliyev Fondu tərəfindən böyük dəstəyin göstərildiyini bildirən S.Babayev Fondun “Uşaq evləri və internat məktəblərinin inkişafı” Proqramı çərçivəsində sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisələrində əsaslı təmir və yenidənqurma işləri aparıldığını diqqətə çatdırıb. Nəticədə bu müəssisələrdə uşaqlar üçün nümunəvi yaşayış şəraiti ilə yanaşı, onların funksional çatışmazlıqlarının aradan qaldırılmasına, bacarıqlarının inkişaf etdirilməsinə yönələn reabilitasiya əhəmiyyətli işlərin aparılması üçün geniş imkanlar yaradılıb.

 

Son illərdə dövlət başçısının tapşırığı ilə görülən işlərin nəticəsi olaraq, nazirliyin Uşaq Bərpa Mərkəzində müasir tələblərə uyğun bərpa-müalicə şəraiti mövcuddur. Eləcə də Heydər Əliyev Fondunun layihəsi kimi Xüsusi Qayğıya Ehtiyacı olan Uşaqların Dövlət Reabilitasiya Müəssisəsinin yaradılması belə uşaqlar üçün tibbi-sosial reabilitasiya infrastrukturunun genişlənməsinə səbəb olub. Bu imkanlardan maksimum istifadə etməklə sağlamlıq imkanları məhdud uşaqların yenidən cəmiyyətə qazandırılması üçün səyləri daha da artırmaq nazirliyin əsas fəaliyyət prinsiplərindəndir.

 

S.Babayev sosial xidmət müəssisəsindəki sağlamlıq imkanları məhdud uşaqlarla görüşüb. Nazir uşaqların hazırladıqları əl işlərinə baxıb, onların sərgilərdə nümayiş olunması, təbliği işlərinin genişləndirilməsini tapşırıb. Müəssisənin sakinlərindən biri hazırladığı əl işini nazirə xatirə hədiyyəsi olaraq bağışlayıb.