
Bakı, 23 iyul, AZƏRTAC
Mobil telefonların elektromaqnit şüalanması yeniyetmələrdə yaddaşın inkişafına mənfi təsir göstərə bilər. İsveçrə Tropiklər və İctimai Səhiyyə İnstitutunun mütəxəssisləri bu qənaətə gəliblər.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, onların apardığı tədqiqatda İsveçrənin almandilli və fransızdilli rayonlarından 12-17 yaş arasında təxminən 700 yeniyetmə iştirak edib. Məqsəd radiotezlik diapazonunun elektromaqnit sahələrinin yaddaşa təsirini öyrənmək olub.
Yaradıcı yaddaş üçün beynin sağ yarımkürəsi cavabdehdir. Buna görə alimlər bildirirlər ki, elektromaqnit sahələrin yaddaşa mənfi təsiri mobil telefonu sağ qulağına tutan yeniyetmələrdə xüsusilə nəzərə çarpır. Həmçinin müəyyən edilib ki, simsiz kommunikasiyanın başqa növləri, məsələn, SMS mesajların göndərilməsi, elektron oyunlar və ya internetdən istifadə zamanı elektromaqnit şüalar beynə cüzi təsir göstərir, yaddaşın inkişafını ləngitmir.
23.07.2018