Bakı Uşaq Teatrı yeni tamaşa təqdim edəcək
Bakı, 9 iyun, AZƏRTAC
İyunun 12-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Bakı Uşaq Teatrı yeni “Kimdir müqəssir?!” tamaşasını təqdim edəcək.
Əbdürrəhim bəy Haqverdiyevin eyniadlı pyesi əsasında səhnələşdirilmiş tamaşanın quruluşçu rejissoru Elşən Zeynalovdur.
Tamaşanın premyerası Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında baş tutacaq.
Tamaşada kiçik bir ailənin timsalında böyük bəşəri problemlər, insanın təkamül yolu, qadın-kişi münasibətlərindəki anlaşılmazlıqların doğurduğu faciələr əks olunur.
Rolları Bakı Uşaq Teatrının aktyorları Niyaz İlyasoğlu, Məlahət Əhməd, Əli Qulu Səmədov və başqaları ifa edəcək.
Tamaşanın rəssamı Sevda Məmmədova, musiqi tərtibatçısı Rauf Hüseynli, rəqslərin quruluşçusu isə Könül Şahbazovadır.