Qarabağ Muğam Mərkəzi illik hesabat konserti ilə çıxış edib
Ağcabədi şəhərindəki Qarabağ Muğam Mərkəzi bölgədə muğam ifaçılıq sənətinin inkişafında və təbliğində, istedadlı gənclərin aşkar edilərək yetişdirilməsində müstəsna rol oynayır. Mərkəzin kollektivi rayonda keçirilən tədbirlərdə, həmçinin respublika müsabiqələrində fəal iştirak edir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Qarabağ Muğam Mərkəzinin müəllim və şagird kollektivi 2017-2018-ci tədris ilinin yekunu ilə əlaqədar Ağcabədi rayon sakinləri qarşısında illik hesabat konserti ilə çıxış edib. Mərkəzin müəllim və şagirdlərinin ifa etdiyi muğam və təsniflər, həmçinin təqdim olunan rəngarəng rəqs nömrələri tamaşaçılarda xoş ovqat yaradıb.
Tədbirin sonunda Qarabağ Muğam Mərkəzinin müəllim və şagirdlərinə fəxri fərman və hədiyyələr verilib.
Qeyd edək ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə Ağcabədidə inşa edilən Üzeyir Hacıbəyli adına Qarabağ Muğam Mərkəzi 2008-ci ilin sentyabrından fəaliyyət göstərir. Ümumi sahəsi 830 kvadratmetr olan Mərkəz yay və qış konsert zallarından, 6 sinif, müdiriyyət, iclas, qrim otaqlarından ibarətdir. Mərkəzin yerləşdiyi parkda Üzeyir Hacıbəylinin büstü qoyulub, əsərlərindən fraqmentləri əks etdirən memarlıq kompozisiyası yaradılıb. Gün ərzində parkda Üzeyir bəyin və digər görkəmli sənətkarların əsərləri səsləndirilir. Mərkəzdə tar və muğam şöbələri ilə yanaşı, rəqs dərnəyi də fəaliyyət göstərir. Hazırda burada Ağcabədi və ətraf rayonlardan şagirdlər muğam sənətinin sirlərinə yiyələnir.
08.06.2018