Xəbərlər

Bakı məktəbliləri arasında voleybol üzrə keçirilən turnirin qalibləri müəyyənləşib

Bakı, 5 iyun, AZƏRTAC

 

Bakıda ümumtəhsil müəssisələrinin şagirdləri arasında voleybol idman növü üzrə turnir keçirilib.

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə keçirilən yarışda 2003-2005-ci il təvəllüdlü qızlar və oğlanlardan ibarət komandalar 3 mərhələdə qələbə uğrunda mübarizə aparıb.

 

BŞTİ-dən AZƏRTAC-a bildirilib ki, yarışın nəticələrinə əsasən, oğlanlar arasında 89 nömrəli tam orta məktəbin komandası I, 117 nömrəli tam orta məktəbin komandası II, 304 nömrəli məktəb-liseyin komandası isə III yerə layiq görülüb.

 

Qızlar arasında isə 269 nömrəli tam orta məktəbin komandası I, 26 nömrəli tam orta məktəbin komandası II, 311 nömrəli tam orta məktəbin komandası III yeri tutub.

 

Qalib komandalar müvafiq dərəcəli diplom və medallarla təltif olunub. Yarışda xüsusi fərqləndiyinə görə 26 nömrəli tam orta məktəbin şagirdi Ləman Qurbanovaya turnirin xüsusi hədiyyəsi təqdim edilib.