Məktəbəhazırlıq qruplarında məşğələlər yekunlaşıb
Bakı, 1 iyun, AZƏRTAC
Bakı şəhərindəki dövlət ümumtəhsil məktəblərində fəaliyyət göstərən məktəbəhazırlıq qruplarında məşğələlər mayın 31-də başa çatıb.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) AZƏRTAC-a bildiriblər ki, Məktəbəhazırlıq qruplarında məşğələlər hər il, bir qayda olaraq, oktyabrdan başlanır və mayın sonunda başa çatır. 2017-2018-ci tədris ilində BŞTİ-nin tabeliyindəki 263 ümumtəhsil müəssisəsində 868 məktəbəhazırlıq qrupunda 24.129 uşaq məşğələyə cəlb olunub. 2015-ci ildə məktəbəhazırlıq proqramı bütün beş yaşlı uşaqların 24 faizini əhatə edirdisə, 2016-cı ildə bu göstərici 55 faiz olub. 2017-ci ildə məktəbəhazırlığa cəlb edilən uşaqların sayı ümumilikdə, beş yaşlıların 65 faiz həddinə çatdırılıb.
Məktəbəhazırlıq qruplarının əsas məqsədi uşaqların tədrisə hazırlıqlı başlaması, dərs prosesinə öncədən alışması, onlarda müəyyən bilik və bacarıqların formalaşdırılmasıdır.
Həftədə dörd gün fəaliyyət göstərən məktəbəhazırlıq qruplarında “Ətraf aləmlə tanışlıq”, “Savad təliminə hazırlıq və nitq inkişafı”, “Bədii təfəkkürün inkişafı”, “Məntiqi və riyazi təfəkkürün inkişafı”, “Təsviri fəaliyyət”, “Musiqi” və “Fiziki mədəniyyət” dərs məşğələləri tədris edilir. Gün ərzində üç məşğələ tədris olunan qruplarda məşğələnin müddəti 30 dəqiqə, məşğələlərarası fasilə 10 dəqiqə müəyyən edilir. Məktəbəhazırlıq qruplarında təhsil alan uşaqlar üçün ev tapşırıqları nəzərdə tutulmur.
Növbəti tədris ilində dövlət hesabına fəaliyyət göstərən məktəbəhazırlıq qruplarına cəlb ediləcək uşaqların sayı beşyaşlı uşaqların 75 faizini təşkil edəcək.
01.06.2018