“SOS Uşaq Kəndi”ndə ilkin tibbi yardımla bağlı maarifləndirici tədbir keçirilib
Mayın 30-da Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun "Tibbi maarifləndirmə" proqramı çərçivəsində Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) təcili və təxirəsalınmaz yardım üzrə eksperti Malik Abbasovun iştirakı ilə “SOS Uşaq Kəndi”ndə “Təxirəsalınmaz ilkin tibbi yardım haqqında əsas bilgilər” mövzusunda tədbir keçirilib.
Bilik Fondundan AZƏRTAC-a bildirilib ki, tədbirdə həkim-mütəxəssis xüsusi manikendən istifadə etməklə, tənəffüs dayandığı halda süni nəfəsvermə və ürəyin qapalı masajının düzgün icra qaydalarını iştirakçıların nəzərinə çatdırıb. Belə vəziyyətdə ürəyin yerinin təyin olunması, masaj zamanı əllərin döş qəfəsi üzərində düzgün yerləşdirilməsi, eləcə də digər zəruri addımlar mütəxəssis tərəfindən aydın izah edilib. Döş qəfəsinin ağrıları, zədələnmələri və yaralanmaları, o cümlədən tənəffüs yoluna yad cismin düşməsi zamanı göstəriləcək ilkin tibbi yardım qaydaları “SOS Uşaq Kəndi”nin analarına, əməkdaşlarına və uşaqlarına təqdim olunub.
Həkim-mütəxəssis iştirakçıların suallarını cavablandırıb və onlara İSİM-in hazırladığı bukletləri təqdim edib.
30.05.2018