Xəbərlər

Bakıdakı 115 nömrəli məktəbin komandası “Hazırcavablar” intellektual oyununda qalib gəlib

Bakı, 29 may, AZƏRTAC 

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumtəhsil müəssisələrinin şagirdlərindən ibarət daha dörd komanda “Hazırcavablar” intellektual oyununda güclərini sınayıb.

 

BŞTİ-dən AZƏRTAC-a bildiriblər ki, növbəti qarşılaşmada 49, 85, 115 və 145 nömrəli tam orta məktəblərin komandaları iştirak edib. Məktəblilər “Azərbaycan dili”, “Fizika”, “Coğrafiya”, “Şah İsmayıl Xətai” və “Tapmaca” bölmələri üzrə sualları cavablandırıblar. İntellektual oyunun nəticələrinə əsasən, 115 nömrəli tam orta məktəbin komandası qalib gəlib.

 

“Hazırcavablar” intellektual teleoyununun əsas məqsədi məktəblilərin bilik səviyyəsini və dünyagörüşünü artırmaq, onları ictimaiyyətə tanıtmaqdır. Şagirdlərə özünüifadə vərdişləri aşılamaq, onların fənlərə marağını yüksəltmək, yaradıcı inkişafına təkan vermək və intellektual fəaliyyətə daha geniş miqyasda cəlb olunmasını təmin etmək də layihənin əsas hədəfidir.

 

Qeyd edək ki, “Hazırcavablar” intellektual teleoyunu BŞTİ və AzTV-nin birgə layihəsidir. İntellektual oyun həftədə bir dəfə AzTV-də yayımlanır.