Xəbərlər

“Muzeylər və Azərbaycan Demokratik Respublikası - 100 il” məktəblilər üçün muzey həftəsi keçirilib

2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edilməsi ilə əlaqədar Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi tərəfindən “Muzeylər və Azərbaycan Demokratik Respublikası - 100 il” məktəblilər üçün muzey həftəsi keçirilib. Maarifləndirici proqram Bakı şəhəri üzrə 12-18 may 2018-ci il tarixlərində, Respublika bölgələri üzrə isə 18-28 may 2018-ci il tarixlərində gerçəkləşib.

 

Artıq 3-cü dəfədir təşkil olunan muzey həftəsinin keçirilməsinin əsas məqsədi məktəbliləri Azərbaycan Xalq Cümhuriyyətinin şərqdə ilk Demokratik Respublika kimi tarixi əhəmiyyəti, müstəqillik yolunda tarixi nailiyyətlərlə tanış etməkdir.

 

Maarifləndirici proqram çərçivəsində Bakı şəhərinin 190 ümumtəhsil müəssisəsində fəaliyyət göstərən Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin turizm, diyarşünaslıq, ekoloji profilli dərnəklərinin 5444 nəfər dərnək üzvü, respublikanın 28 rayonunda fəaliyyət göstərən uşaq-gənclər inkişaf mərkəzlərinin hər birindən 100 uşaq olmaqla 2800 nəfər dərnək üzvü muzey ongünlüyündə iştirak edib. Muzey həftəsinin keçirilməsi Bakı şəhərinin və regionların aparıcı muzeylərinə, tarixi abidələrinə, ev muzeylərinə, dövlət tarixi memarlıq qoruqlarına ekskursiya edən məktəblilər tərəfindən böyük maraq və həvəslə qarşılanıb. 

 

Ümumilikdə 8244 nəfər məktəbli maarifləndirici proqramın iştirakçısı olub.