Xəbərlər

Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilmiş konsert

Bakı, 24 may, AZƏRTAC

 

Mayın 24-də Musiqi Mədəniyyəti Dövlət Muzeyində 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilmiş konsert proqramı təqdim olunub. Konsertdə T. Quliyev adına 12 nömrəli musiqi məktəbinin şagirdərinin ifasında musiqi nömrələri səsləndirilib.

 

AZƏRTAC xəbər verir ki, müzeyin direktoru, Əməkdar Mədəniyyət İşçisi Alla Bayramova 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününün 1950-ci il iyunun 1-də BMT Baş Assambleyasının təşkilatçılığı ilə keçirilən, qadınların beynəlxalq konfransında təsis edildiyini deyib. 

 

Tədbirdə məktəbin müəllimi Raya Abbasova bu günün uşaqların həyatında mühüm rol oynadığını söyləyib. Valideynlər musiqi məktəbinin müəllimlərinə və rəhbərliyinə uşaqlarına göstərilən qayğıya görə təşəkkür ediblər. Sonda musiqi məktəbinin şagirdləri konsert proqramı ilə çıxış ediblər. Konsertdə Azərbaycan və Qərb bəstəkarlarının əsərləri ifa olunub.