Beynəlxalq Bioloji Müxtəliflik Günü münasibətilə məktəblilərlə görüş keçirilib
Bakı, 22 may, AZƏRTAC
Mayın 22-də Beynəlxalq Bioloji Müxtəliflik Günü münasibətilə “Biomüxtəliflik və 25 illik fəaliyyət” devizi altında 6 nömrəli məktəb-liseydə məktəblilərlə görüş keçirilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, görüşü giriş sözü ilə açan nazirliyin əməkdaşı Umayra Tağıyeva bu günün əhəmiyyəti və tarixi barəsində məktəblilərə məlumat verib, respublika ərazisində xüsusi mühafizə olunan təbiət əraziləri haqqında danışıb. Milli parklar və orada qorunan biomüxtəliflik, o cümlədən balıqlar haqqında göstərilən videoçarxlar şagirdlər tərəfindən maraqla qarşılanıb.
Sonra bu günün mahiyyətinə uyğun məktəblilər tərəfindən çəkilən rəsmlər nümayiş etdirilib.
Qeyd edək ki, dünya miqyasında planetin bioloji irsinin mühafizəsi məqsədilə 1992-ci ildə Keniyanın Nayrobi şəhərində əsası qoyulmuş Bioloji Müxtəliflik haqqında Beynəlxalq Konvensiyaya Azərbaycan Respublikası 2000-ci ildə qoşulub.
22.05.2018