Qazaxda Aprel şəhidlərinin xatirəsinə həsr olunmuş minifutbol turnirinin qalibləri mükafatlandırılıb
"Aprel şəhidlərinin qəhrəmanlıqlarının təbliği məqsədilə kütləvi idman tədbirlərinin təşkili” layihəsi çərçivəsində Qazax Olimpiya İdman Kompleksində gənclər və yeniyetmələr arasında keçirilən minifutbol turniri başa çatıb.
Layihəni "Gəncliyin Təşəbbüsü" Maarifləndirmə İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə reallaşdırıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, turnir Aprel döyüşlərində şəhid olmuş kapitan Orucov Mühüd Qurban oğlu, baş leytenant Namazov Elvin Məmməd oğlu və əsgər Əliyev Orxan Məhəmməd oğlunun xatirəsinə həsr olunub.
Turnirin təşkilatçısı və layihənin rəhbəri, Əməkdar Məşqçi Azər Əliyev turnir haqda ətraflı məlumat verərək iştirakçılara uğurlar arzulayıb.
Gərgin idman mübarizəsi şəraitində keçən final görüşündə Qazaxbəyli kənd komandası Kommuna kənd komandasını 1:0 hesabı ilə məğlub edərək turnirin qalibi olub. Şəhər 1 saylı tam orta məktəbin komandası isə üçüncü yeri tutub.
Qalib komandaların üzvləri diplom, medal və hədiyyələrlə mükafatlandırılıblar.
22.05.2018