Xəbərlər

Ağcabədinin ümumtəhsil məktəbləri arasında futbol turniri keçirilib

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə Ağcabədi rayon ümumtəhsil məktəblərinin komandaları arasında keçirilən futbol turnirinin qalibi məlum olub.

 

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 50 ümumtəhsil məktəbinin komandalarının mübarizə apardığı turnir iki zona üzrə Ağcabədi şəhər stadionunda və Hacıbədəlli kənd tam orta məktəbin futbol meydançasında, final mərhələ isə Olimpiya İdman Kompleksində keçirilib.

 

Final oyunu başlamazdan əvvəl Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov, gənclər və idman idarəsinin rəisi Rüfət Quliyev çıxış edərək, Ümummilli Liderin gənclərə və idmana göstərdiyi diqqət və qayğıdan danışıblar.

 

Gərgin mübarizə şəraitində keçən turnirdə Nəcəfqulubəyli kənd tam orta məktəbin komandası birinci, Təzəkənd kənd tam orta məktəbin komandası ikinci, Köyük kənd tam orta məktəbin komandası üçüncü yerə layiq görülüb. Qalib komandalara diplom və hədiyyələr təqdim olunub.