“Bakcell” gözdən əlil uşaqlar arasında şahmat və dama turnirinə dəstək verib
Bakı, 8 may, AZƏRTAC
Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi “Bakcell” şirkəti aprelin 25-dən mayın 5-dək Bakıda keçirilən gözdən əlil uşaqlar arasında şahmat və dama turnirinə dəstək göstərib.
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş şahmat və dama turniri Sağlamlıq İmkanları Məhdud Uşaqlar üçün 5 nömrəli Xüsusi İnternat Məktəbində keçirilib. Qırx nəfərdən artıq gözdən əlil uşağın iştirak etdiyi turnirin qalibləri şahmat üzrə Nahid Məmmədov və dama üzrə Əzim Əzizov olub.
Şirkətdən AZƏRTAC-a bildirilib ki, turnirdə yaxşı nəticələr göstərən gənc istedadlı şahmatçı və damaçılara “Bakcell”dən dəyərli hədiyyələr təqdim edilib.
“Bakcell” şirkəti artıq bir neçə ildir ki, ölkəmizdə keçirilən uşaq şahmat turnirlərinə öz dəstəyini əsirgəmir. Özünün “Bakcell Stars” Korporativ Sosial Məsuliyyət proqramı vasitəsilə Şirkət Azərbaycanda gənclər və idmanın inkişafına dəstək göstərir və xüsusi qayğıya ehtiyacı olan uşaq və gənclərə yönəlmiş genişmiqyaslı layihələri həyata keçirir.
07.05.2018