Xəbərlər

Bakı məktəbliləri arasında atletika dördnövçülüyü üzrə yarış keçirilib

Bakı, 8 may, AZƏRTAC

 

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) və Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən paytaxt məktəbliləri (qızlar) arasında atletika dördnövçülüyü üzrə yarış keçirilib.

 

BŞGİBİ-dən AZƏRTAC-a bildiriblər ki, yarışın proqramına 60 metr məsafəyə qaçış, uzunluğa tullanma, top atma və 500 metr məsafəyə kross qaçışı növləri daxildir.

 

Paytaxt məktəblərinin VII–VIII sinif (2004–2005-ci il təvəllüdlü) şagirdlərinin iştirakı ilə komanda xarakteri daşıyan yarışda Xətai rayonu 245 nömrəli tam orta məktəbin kollektivi birinci olub. Qaradağ rayonu 106 nömrəli tam orta məktəbin komandası yarışı ikinci, Binəqədi rayonu 244 nömrəli tam orta məktəbin şagirdləri üçüncü pillədə başa vurublar.