Xəbərlər

Səbaildə “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda rayon məktəblilərinin konfransı keçirilib

Bakı, 8 may, AZƏRTAC


Artıq 3-cü ildir ki, Səbail Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun orta  ümumtəhsil məktəblərində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin doğum gününə həsr olunmuş tədbirlər çərçivəsində “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda elmi-praktiki konfranslar keçirilir. Ənənəyə çevrilən bu konfranslarda şagirdlər Azərbaycan tarixinin müxtəlif dövrləri, o cümlədən ulu öndər Heydər Əliyev və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan tarixindəki rolu barədə öz elmi məqələləri ilə çıxışlar edirlər.


İcra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, Ulu Öndərin anadan olmasının 95 illiyinə həsr olunan tədbirlər çərçivəsində Səbail Rayon İcra Hakimiyyətində şagirdlərin özlərinin təşkil və idarə etdiyi, RİH başçısı və orta məktəblərin rəhbərlərinin qonaq kimi iştirak etdikləri Azərbaycan tarixinə aid növbəti elmi praktiki konfrans keçirilib. 


Konfransın əvvəlində tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə tər çiçəklər düzüblər. 


Səbail rayonu 6 saylı orta məktəb-liseyin 7-ci sinif şagirdi Həmidə Sadıxova və 10-cu sinif şagirdi İsmət Əliyevin sədrliyi ilə keçirilən konfransda təqdim olunan monoqrafiyalar arasında xüsusi olaraq seçilmiş işlərin müəllifləri çıxış ediblər. 



İyirmiyə yaxın şagirdin çıxış etdiyi konfransın sonunda Səbail rayon məktəblərində keçirilən tarix konfransları münsiflər heyətinin rəhbəri, 6 saylı orta məktəbin tarix müəllimi Elmin İmanov bu il rayon məktəblərində keçirilən tarix konfrasları, şagirdlərin hazırladıqları yazılar barədə məlumat verib.