Xəbərlər

AQTA “1 bağça, 1 məktəb, 1 universitet" maarifləndirici pilot layihəsinə başlayıb

 

Bakı, 4 may, AZƏRTAC 

 

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) “1 bağça, 1 məktəb, 1 universitet” mövzusunda maarifləndirici pilot layihəsinə başlayıb.

 

Agentliyin Kommunikasiya və informasiya texnologiyaları şöbəsindən AZƏRTAC-a bildirilib ki, layihənin məqsədi məktəbəqədər uşaqlar, məktəblilər və tələbələr arasında qida təhlükəsizliyi anlayışının təbliğ edilməsi və qida təhlükəsizliyi baxımından düzgün qidalanma vərdişlərinin aşılanmasıdır.

 

Layihə çərçivəsində AQTA-nın əməkdaşları Heydər Əliyev Fondunun təsis etdiyi Zərifə Əliyeva adına Uşaq bağçasında olublar.

 

Bağçada gigiyena qaydalarına riayət olunma vəziyyəti ilə tanış olan AQTA əməkdaşları daha sonra məktəbəqədər şagirdlərə “sadə gigiyenik norma və qaydalar”, “sağlam qidalanma” və “qida çantasının hazırlanma qaydaları” mövzularında əyani-praktik təlim keçiblər.

 

Uşaqlarla maraqlı və interaktiv oyunlar təşkil olunub, məktəbəqədər şagirdlərin “sağlam qida” mövzusunda bilikləri yoxlanıb. Layihə iştirakçılarına agentliyin sertifikatları təqdim olunub. Sonda isə uşaqlarla xatirə şəkli çəkilib.