Xəbərlər

Məktəbəqədər müəssisələrin uşaqlarının ifa etdikləri rəqslər maraqla qarşılanıb

Füzuli, 4 may, Tahir Ağaməmmədov, AZƏRTAC

 

Horadiz şəhərindəki Heydər Əliyev Mərkəzinin qarşısında ulu öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə Füzuli rayonu ərazisində fəaliyyət göstərən məktəbəqədər müəssisələrin uşaqlarının rəqsləri təqdim olunub.

 

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayon icra hakimiyyətinin əməkdaşları və məktəbəqədər müəssisələrin kollektivləri əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə tər gül-çiçək dəstələri qoyublar.

 

Füzuli Rayon İcra Hakimiyyəti başçısının müavini Gülbahar Eyvazova ulu öndər Heydər Əliyevin uşaqlara olan sevgisindən, diqqət və qayğısından bəhs edib. Bildirib ki, dünya şöhrətli siyasətçi Heydər Əliyev hər zaman uşaqlara diqqət və qayğı göstərib, onların istedadına qiymət verib, inkişafı, təhsildə uğur qazanmaları üçün hər cür şərait yaradıb. Onun bu siyasəti hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Uşaqların keyfiyyətli təhsil alması və hərtərəfli qayğı ilə əhatə olunması, onlar üçün zəruri şəraitin yaradılması, böyüməkdə olan nəslin layiqli vətəndaş kimi formalaşması Azərbaycanda dövlət uşaq siyasətinin başlıca prinsiplərindəndir.

 

Sonra məktəbəqədər müəssisələrin uşaqları rəqslərini təqdim ediblər. Balacaların bir-birindən maraqlı rəqsləri tədbir iştirakçılarının alqışları ilə qarşılanıb. Uşaqlara rayon icra hakimiyyətinin hədiyyələri təqdim olunub.