Nizami rayonunda poliatlon çoxnövçülüyü üzrə Bakı çempionatının qalibləri mükafatlandırılıblar
Bakı, 4 may, AZƏRTAC
Nizami rayonundakı Bakı Texniki Kollecində yaz çağırışına həsr olunmuş “Vətənin müdafiəsinə hazıram!” devizi ilə keçirilən poliatlon çoxnövçülüyü üzrə Bakı çempionatında birinci yeri tutmuş komanda üzvlərinin mükafatlandırma mərasimi keçirilib.
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsindən (BŞGİBİ) AZƏRTAC-a bildiriblər ki, tədbirdə Baş İdarənin baş məsləhətçisi Salman Əbdülov, Bakı Texniki Kollecinin direktoru Fərrux Məmmədov, qalib komandanın üzvləri və başqaları iştirak ediblər.
Çıxış edən natiqlər keçirilən tədbirin çağırışa qədər və çağırış yaşlı gənclərin ümumi və fiziki hazırlıq səviyyələrinin müəyyən edilməsi və yüksəldilməsində, gənclərdə vətənpərvərlik ruhunun aşılanmasında mühüm rolu olduğunu qeyd ediblər. Həmçinin komandanın üzvlərini və məşqçi-müəllimi əldə olunan yüksək nəticə münasibətilə təbrik edib, onlara növbəti yarışlarda müvəffəqiyyətlər arzulayıblar.
Sonda qaliblər BŞGİBİ tərəfindən müvafiq dərəcəli diplom və medallarla təltif olunublar.
03.05.2018