Xəbərlər

“Breyn-rinq” intellektual yarışında 16 komanda mübarizə aparıb

Bərdə, 4 may, AZƏRTAC

 

Bərdə şəhər 6 nömrəli tam orta məktəbdə ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə keçirilən “Breyn-rinq” intellektual oyununda rayonun ümumi təhsil müəssisələrinin yuxarı sinif şagirdlərindən ibarət 16 komanda iştirak edib.

 

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Yeni Azərbaycan Partiyası (YAP) rayon təşkilatının, Gənclər və İdman İdarəsinin və Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə keçirilən yarışda əvvəlcə ümummilli lider Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

 

Gənclər və İdman İdarəsinin rəis müavini Aydın Qasımov və Təhsil Şöbəsinin müdiri Rzaqulu Şərifov çıxış edərək, ulu öndər Heydər Əliyevin keçdiyi şərəfli ömür yolundan, onun Azərbaycan gəncliyinin hərtərəfli inkişafına göstərdiyi diqqət və qayğıdan, gənclərin intellektual səviyyələrinin yüksəldilməsi və vətənpərvər ruhda tərbiyə olunması sahəsində görülən işlərdən danışıblar.

 

Çıxışlardan sonra yarış başlanıb. Əsasnaməyə görə komandalar püşkatma yolu ilə 4 yarımqrupda mübarizə aparıblar. Daha yüksək bilik nümayiş etdirən şəhər 3 nömrəli tam orta məktəbin komandası birinci, 7 nömrəli tam orta məktəbin komandası ikinci, Yeni Əyricə kənd tam orta məktəbin komandası isə üçüncü yeri tutub.

 

Qalib komandalar ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə keçiriləcək ümumrayon tədbirində diplom və xatirə hədiyyələri ilə mükafatlandırılacaqlar.