Tərtərdə “Açıq əyləncəli futbol məktəbi” layihəsində 170 uşaq və yeniyetmə iştirak edib
Tərtər, 3 may, Tahir Ağaməmmədov, AZƏRTAC
Tərtər rayonu ərazisində məcburi köçkün ailələri üçün yeni inşa edilən 1176 ailəlik yaşayış kompleksində təşkil olunan “Açıq əyləncəli futbol məktəbi” layihəsi üzrə kütləvi idman tədbirində 170 uşaq və yeniyetmə iştirak edib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, layihə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) dəstəyi, Tərtər Rayon icra Hakimiyyəti və Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə reallaşıb. Yaşayış məhəlləsindəki tam orta məktəbin idman zalında keçirilən tədbirdə çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov ölkəmizdə həyata keçirilən sosial-iqtisadi inkişafdan, bütün sahələrdə olduğu kimi, məcburi köçkünlərə, gənc nəslə və idmanın inkişafına göstərilən dövlət qayğısından danışıb. Bildirib ki, Tərtərdə Olimpiya İdman Kompleksinin tikintisinə başlanması dövlətimizin cəbhə bölgəsinə, idmana olan diqqətinin daha bir bariz nümunəsidir.
AFFA-nın birinci vitse-prezidenti, Milli Məclisin deputatı Rauf Əliyev, deputatlar Sahib Alıyev və İlham Məmmədov, Milli QHT Forumunun prezidenti Rauf Zeyni çıxış edərək, ölkəmizdə idmana göstərilən dövlət qayğısından, eləcə də layihənin əhəmiyyətindən danışıblar. Bildirilib ki, layihə uşaqların həyatını, yaşayış tərzini əyləncəli idman vasitəsi ilə bir qədər dəyişmək, onların idmana, o cümlədən futbola marağını artırmaq, uşaq futbolunun inkişafına dəstək vermək məqsədi daşıyır. “Açıq əyləncəli futbol məktəbi” layihəsinin əsas prinsipi təkcə istedadlı futbolçular hazırlayıb təkmilləşdirməkdən ibarət deyil, həm də istedadlı uşaqları seçmək, onlarda olan qabiliyyəti inkişaf etdirməkdir.
Diqqətə çatdırılıb ki, “Açıq əyləncəli futbol məktəbi” layihəsi Tərtər rayonunda təşkil edilən ikinci belə layihədir. Bu tədbirlərə, ümumilikdə, 320-dən çox uşaq və yeniyetmə cəlb olunub.
Laçın rayon Qorçu kənd tam orta məktəbinin idman müəllimi Babək Orucov və Şıxarx 2 nömrəli tam orta məktəbin şagirdi Murad Budaqov məcburi köçkünlərə, yeniyetmə və gənclərə göstərilən qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
Mərasimdə uşaqlara müxtəlif idman geyimləri və ləvazimatları təqdim olunub. Sonra xüsusi idman forması geymiş uşaqlar əyləncəli futbol oyunu nümayiş etdiriblər.
02.05.2018