
Bakı, 28 aprel, AZƏRTAC
Aprelin 22-dən 28-dək Belarusun paytaxtı Minsk şəhərində 52-ci Beynəlxalq Mendeleyev Kimya olimpiadası keçirilib.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, beş nəfərdən ibarət komanda ilə olimpiadada iştirak edən məktəblilərimiz medallarla qayıdıblar. Belə ki, 160 nömrəli Klassik Gimnaziyanın 11-ci sinif şagirdi Nəriman Mirişov və Lənkəran şəhəri 4 nömrəli humanitar təmayüllü məktəb-liseyin eksperimental pilot siniflərinin 11-ci sinif şagirdi Turan Məmmədli olimpiadanın gümüş medalına layiq görülüblər.
Beynəlxalq olimpiadalara hazırlıq mərkəzinin dinləyiciləri olan şagirdlərimiz tədris ili boyunca bu olimpiadalara hazırlaşıb, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialında həm nəzəri, həm də praktik hazırlıq dərslərinə qatılıblar.
Təhsil Nazirliyi tərəfindən beynəlxalq olimpiadalara hazırlıq prosesinin təkmilləşdirilməsi və diqqət mərkəzində saxlanması şagirdlərin müvəffəqiyyət qazanmalarına səbəb olub. Nazirlik tərəfindən fizika, riyaziyyat və informatika təmayüllü, kimya-biologiya təmayüllü liseylərdə yaradılmış beynəlxalq olimpiadalara hazırlıq mərkəzlərində 200-dək şagird il ərzində olimpiadalara hazırlıq prosesinə cəlb edilib.
Olimpiadanın nəticələrinə görə, Azərbaycan 22 ölkə arasında səkkizinci yerdədir.
27.04.2018