Xəbərlər

Paytaxt məktəblərində aprel döyüşlərinə həsr olunan silsilə tədbirlər keçirilir

Bakı, 4 aprel, AZƏRTAC 

 

Paytaxt məktəblərində aprel döyüşləri ilə əlaqədar silsilə tədbirlər keçirilir.

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki təhsil müəssisələrində 2016-cı ilin aprelində Ermənistan silahlı birləşmələrinin atəşkəsi pozaraq dinc əhalini intensiv atəşə tutması və Azərbaycan Ordusunun gücü, qüdrəti, peşəkarlığı nəticəsində düşmən həmləsinin qarşısının alınmasına həsr olunan konfranslar, mühazirə və “dəyirmi masa”, ədəbi-bədii kompozisiya, vətənpərvərlik mövzusunda bədii qiraət gecələri təşkil edilir.

 

BŞTİ-dən AZƏRTAC-a bildiriblər ki, aprel döyüşləri ilə əlaqədar təhsil müəssisələrində divar qəzetləri, stendlər və guşələr, bülletenlər hazırlanır, şagirdlərin əl işlərindən ibarət sərgilər keçirilir.

 

Tədbirlərdə Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda, eləcə də aprel döyüşlərində şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilir. 2016-cı il aprelin 1-dən  2-nə keçən gecə Azərbaycanın ön xətt mövqeləri və yaşayış məntəqələrinin Ermənistan silahlı qüvvələri tərəfindən güclü artilleriya atəşinə məruz qalması, dörd gün davam edən döyüşlər nəticəsində Azərbaycan ordusunun düşmən təxribatının qarşısını qəhrəmanlıqla alması, Lələtəpə və Talış yüksəkliklərinin işğaldan azad olunması barədə şagirdlərə geniş məlumat verilir.

 

Bildirilir ki, aprel döyüşləri kimi tarixə düşən hadisələr zamanı Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi və Tərtər rayonunun Madagiz kəndi istiqamətində bəzi mövqelər düşməndən azad olunub və azad olunan ərazilərdə yeni mövqelər qurulub. Döyüşlərdə erməni silahlı qüvvələri böyük itkilərə məruz qalıb.

 

Şagirdlər aprel hadisələrinə həsr edilən şeir, mahnı söyləyir, ədəbi-bədii kompozisiyalar göstərirlər.

 

Bundan əlavə, tədbirlərdə aprel döyüşləri zamanı Vətən yolunda qəhrəmancasına həlak olan şəhidlərimizdən bəhs edən videoçarx da nümayiş etdirilir.