
Bakı, 3 aprel, AZƏRTAC
Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi “Bakcell” şirkəti aprelin 1-dən 6-dək Bakı şəhərində keçirilən uşaqlar arasında 17-ci beynəlxalq şahmat turnirinə dəstək göstərir.
Şirkətdən AZƏRTAC-a bildirilib ki, bu ənənəvi turnir “Gənclik” Şahmat Klubu və Fransanın Azərbaycandakı səfirliyi tərəfindən Azərbaycan Şahmat Federasiyasının təşkilati dəstəyi ilə keçirilir. İsveçrə sistemi üzrə keçirilən bu turnirdə Azərbaycan, Fransa, Böyük Britaniya, Gürcüstan, Rusiya, Türkiyə, Serbiya və Qazaxıstandan 50-dən çox gənc şahmatçı iştirak edir. Gənc istedadlı şahmatçıları həmişəki kimi “Bakcell”dən maraqlı hədiyyələr gözləyir.
“Bakcell” şirkəti artıq bir neçə ildir ki, ölkəmizdə keçirilən beynəlxalq uşaq şahmat turnirlərinə öz dəstəyini əsirgəmir. Özünün “Bakcell Stars” Korporativ Sosial Məsuliyyət proqramı vasitəsilə şirkət Azərbaycanda gənclər və idmanın inkişafına dəstək göstərir, xüsusi qayğıya ehtiyacı olan uşaqlara yönəlmiş genişmiqyaslı layihələri həyata keçirir.
02.04.2018