Xəbərlər

Sonuncu erkək ağ kərgədan xəstələnib

Bakı, 7 mart, AZƏRTAC
 
 
Kərgədanlar adətən təxminən 40 il yaşayır və 45 yaş onlar üçün çoxdur. AZƏRTAC “Ecoportal” saytına istinadla xəbər verir ki, Keniyanın “Ol Peceta” qoruğunda yaşayan Sudan adlı kərgədanın sağlamlığında ciddi problemlər yaranıb. 2017-ci ilin sonunda baytarlar onun pəncəsində infeksiya tapıblar və onu müalicə ediblər. Fevralın ortalarında kərgədan özünü yenə də pis hiss edib. Həkimlər yeni infeksiya aşkar ediblər, amma bu dəfə müalicənin təsiri olmayıb. 
 
Saytın yazdığına görə, sağlamlığında problem yaranmamışdan əvvəl də Sudanın Afrikada ağ kərgədanların populyasiyasını bərpa etmək şansı çox cüzi olub. Kərgədanların bu yarımnövü əvvəllər Uqanda, Çad, Sudan, Mərkəzi Afrika Respublikası və Konqo Demokratik Respublikası ərazilərində çox yayılıb. Amma brakonyerlik və vətəndaş müharibələri nəticəsində onların populyasiyası məhv olub. Ağ kərgədanları vəhşi təbiətdə sonuncu dəfə 2007-ci ildə görüblər. Hazırda hesab edilir ki, vəhşi təbiətdə daha ağ kərgədan qalmayıb. Qoruqlarda və zooparklarda yaşayan ağ kərgədanlar isə qocaldığı üçün bir-birinin ardınca tələf olur. 
 
2014-cü ildə Sudan dünyada yaşayan üç ağ kərgədandan biri, yeganə erkək kərgədan olub.  Qeyd edək ki, Keniya hökuməti 1973-cü ildə Sudanda anadan olduğu üçün elə Sudan da adlandırılan bu kərgədanı brakonyerlərdən qorumaq üçün onu fasiləsiz qoruma ilə təmin edib. Bunun üçün Sudanın bədəninə radioötürücülər quraşdırılıb, buynuzu da kəsilib götürülüb.