Balaca rəssam Mehriban Əliyevanın “Rənglərin dünyası” adlı ilk fərdi yaradıcılıq sərgisi təşkil olunub
Martın 3-də Sumqayıt Dövlət Rəsm qalereyasında Məhəmməd Füzuli adına 15 saylı orta məktəbin “2ç” sinfində oxuyan balaca rəssam Mehriban Əliyevanın “Rənglərin dünyası” adlı ilk fərdi yaradıcılıq sərgisi təşkil olunub.
AZƏRTAC xəbər verir ki, sərgidə istedadlı və bacarıqlı rəssamın müxtəlif rəsm işləri nümayiş etdirilib.
Sonra balaca rəssamın fərdi sərgisinin açılışı münasibətilə Sumqayıt Dövlət Rəsm qalereyasında tədbir keçirilib.
Tədbirdə Sumqayıt şəhər Məhəmməd Füzuli adına 15 saylı orta məktəbin direktoru Elmira Yaqubova çıxış edərək balaca rəssamın özünəməxsus yaradıcılıq üslubundan, bu sənətə olan böyük marağından geniş söz açıb. Qeyd edib ki, onun əsərlərində ən müxtəlif təsvir üslublarına, ayrı-ayrı materiallara maraq duyulur. İlk baxışdan diqqəti cəlb edən cəhət M.Əliyevanın müraciət etdiyi mövzularla bağlıdır.
O eşitdiklərini, gördüklərini uşaq təxəyyülünün süzgəcindən keçirərək, onlara həyat verir. Balaca rəssam müxtəlif mövzularda rəsmlər yaradır.
“Mən fəxr edirəm ki, məktəbimizin belə istedadlı şagirdi var. Mən onun valideynlərini təbrik edir, bu balaca rəssama daha böyük uğurlar arzulayıram”, - məktəbin direktoru qeyd edib.
Sonra çıxış edən balaca Mehribanın müəlliməsi Leyla Nəsirova bildirib ki, rəssamlıq sənətinə maraq göstərən uşaqların gələcəkdə yaxşı sənət adamı kimi formalaşmasında belə tədbirlərin böyük rolu var.
Mehribanın çəkdiyi rəsmlər onun gələcəkdə böyük rəssam olacağından xəbər verir. Zəngin fantaziyası, duyduqlarını açıb insanlara söyləmək arzusu onun mənən püxtələşməsinə, formalaşmasına zəmin yaradıb. Təqdim edilən əsərlərdə mövzu baxımından təbiət mənzərələri və çiçəklər üstünlük təşkil edir. “Bu gün mən üzümü peşəkar rəssamlarımıza tutub deyirəm ki, davamçılarınız yetişir. Bizim vəzifəmiz isə bu istedadlı balamıza dayaq olmaqdır”, - deyə müəllimə vurğulayıb.
Tədbirdə iştirak edən qonaqlar Mehriban Əliyevanı təbrik edib, haqqında xoş sözlər söyləyib, bu yolda ona uğurlar arzulayıblar. Diqqətə çatdırılıb ki, sənətdə ilk addımlarını atan rəssamın dünyaya baxışı, seçdiyi mövzular, çəkdiyi rəsmlər onun uğurlu gələcəyindən xəbər verir.
Mehriban Əliyeva AZƏRTAC-a müsahibəsində bildirib ki, o bu sənəti çox sevir və gələcəkdə özünü tanınmış rəssamların sırasında görmək arzusundadır. Fantaziyası çox güclü olan Mehriban Əliyeva, həmçinin diqqətə çatdırıb ki, o, necə düşünürsə fırça ilə kağıza o cür də həkk edir. “Mən bu sərgimi Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya həsr edirəm”, - deyə balaca rəssam qeyd edib.
03.03.2018