Yeniyetmə şahmatçılar arasında Siyəzən birinciliyinin qalibləri müəyyənləşib
Bakı, 3 mart, AZƏRTAC
Gənclər Mərkəzində Siyəzən Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 5 Mart - Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş yeniyetmə oğlanlar və qızlar arasında şahmat üzrə rayon birinciliyi keçirilib.
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsindən (BŞGİBİ) AZƏRTAC-a bildiriblər ki, Beynəlxalq Şahmat Federasiyasının qaydalarına əsasən, İsveçrə sistemi üzrə keçirilən yarışda 45 yeniyetmə şahmatçı birincilik uğrunda mübarizə aparıb.
Birincilik rayonda şahmat idman növünün inkişaf etdirilməsi və yeniyetmələr arasında təbliği, həmçinin perspektivli şahmatçıların üzə çıxarılması məqsədi daşıyıb.
Yarışda oğlanlar arasında 3 nömrəli tam orta məktəbin şagirdi Kamran Əsədov birinci olub. Altı nömrəli məktəb-liseyin şagirdləri Nicat Rəfiyev və Cahid Allahverdiyev ilk üçlükdə qərarlaşıblar.
Qızların mübarizəsində 1 nömrəli tam orta məktəbin şagirdi Humay Ağayeva qızıl medal qazanıb. İki nömrəli tam orta məktəbin şagirdi Nəzrin Allahverdiyeva yarışı ikinci, 1 nömrəli tam orta məktəbin şagirdi Nuray Ağayeva isə üçüncü pillədə başa vurublar.
Birinciliyin qalibləri Gənclər və İdman İdarəsi tərəfindən fəxri fərmanla təltif olunublar.
03.03.2018