
Azərbaycan Milli Elmlər Akademiyasının Hüseyn Cavidin Ev Muzeyində 173 nömrəli tam orta məktəbin şagirdləri üçün “Açıq dərs” keçirilib.
Muzeydən AZƏRTAC-a bildiriblər ki, elmlə təhsilin inteqrasiyası çərçivəsində təşkil olunan tədbirdə böyük şair və dramaturq Hüseyn Cavidin həyat və yaradıcılığı haqqında ətraflı məlumat verilib, onun ölməz əsərlərinin (“Ana”, “Şeyx Sənan”, “İblis”, “Peyğəmbər”, “Səyavuş”, “Xəyyam” və s.) əhəmiyyəti diqqətə çatdırılıb.
Qeyd olunub ki, böyük sənətkar Azərbaycan ədəbiyyatında milli romantik şeirin, mənzum dram və faciə janrlarının əsasını qoyub.
Məktəblilər, eyni zamanda, Hüseyn Cavid irsinə dair nəşr olunan “Cavidşünaslıq”, “Cavid hikməti: seçmə aforizmlər”, “Turan Cavidin ömür salnaməsi”, “Azərbaycan qeyri-maddi mədəniyyət abidələri və Ərtoğrol Cavid” kitabları, həmçinin muzeyin eksponatları ilə yaxından tanış olublar.
26.01.2018