Xəbərlər

Qax Dövlət Kukla Teatrı builki mövsümdə uşaqları dörd yeni tamaşa ilə sevindirəcək

Qax, 25 yanvar, Mustafa Dadaşov, AZƏRTAC

 

Qax Dövlət Kukla Teatrında həvəskar dramaturq Tofiq Kərimin qələmə aldığı “Quyruqsuz ulağın sərgüzəştləri” nağıl-tamaşa üzərində məşqlərə başlanılıb. Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təsdiq edilmiş repertuar-plan əsasında hazırlanan yeni tamaşanın quruluşçu rejissoru və musiqi tərtibatçısı Yusif Abdurahmanov, rəssamı Mayis Abdullayevdir.

 

Tamaşada əsas rolları Araz Mehrablı, Azər Kərimov, Afət Yaqubova, Aynurə Abbasova və başqaları ifa edirlər.

 

Teatrın baş rejissoru Yusif Abdurahmanov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, builki mövsümdə teatrda, həmçinin Kəmalə Ağayevanın “Göyçək Fatma”, Əzizə Əhmədovanın “Tikanlı yalanlar” və Osman Abdullayevin “Diş əhvalatı” əsərlərinin də səhnələşdirilməsi nəzərdə tutulur.