“Sabahın alimləri” yeddinci respublika müsabiqəsinin iştirakçıları müəyyənləşib
Bakı, 23 yanvar, AZƏRTAC
“Sabahın alimləri” yeddinci respublika müsabiqəsinə qeydiyyat başa çatıb.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AZƏRTAC-a bildiriblər ki, qeydiyyatın nəticələrinə əsasən, bu qurumun tabeliyindəki ümumtəhsil müəssisələrinin 129 şagirdi 92 layihə ilə müsabiqəyə qatılmaq üçün www.sabahinalimleri.edu.az internet səhifəsində online rejimdə qeydiyyatdan keçib. Elmi Ekspertiza Komitəsinin qərarına əsasən, 37 layihənin müəllifi olan 59 məktəbli müsabiqədə iştirak hüququ qazanıb.
Respublikanın digər ümumtəhsil məktəbləri üzrə isə 399 şagird 244 layihə ilə qeydiyyatdan keçib. Onlardan 113 layihə müəllifi olan 200 məktəbli müsabiqəyə buraxılıb.
Təhsil Nazirliyinin əmrinə əsasən, müsabiqə fevralın 14-dən 16-dək təşkil olunacaq.
Müsabiqənin keçirilməsinin əsas məqsədi IX-XI sinif şagirdlərinə tədqiqat aparmaq, öz elmi nailiyyətlərini nümayiş etdirmək imkanı yaratmaq və onların arasından hər il ABŞ-da keçirilən İnteI ISEF - Beynəlxalq Elm və Mühəndislik Sərgisinə qatılacaq namizədləri müəyyənləşdirməkdir.
“Sabahın alimləri” müsabiqəsinin təşkilatçıları Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Heydər Əliyev Mərkəzi, Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsidir.
Müsabiqə riyaziyyat, fizika, kimya, biologiya, tibb və sağlamlıq, ekologiya, mühəndislik, kompüter kateqoriyaları üzrə təşkil olunur.
“Sabahın alimləri” respublika müsabiqəsi 2012-ci ildən keçirilir.