“Buz uşaq” sosial şəbəkələrdə marağa səbəb olub
Səkkiz yaşlı çinli oğlan Yunnan əyalətində yerləşən Xinjie qəsəbəsindəki məktəbinə getmək üçün təxminən 4,8 kilometr piyada yol qət edib.
AZƏRTAC Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, uşaq imtahana yetişmək üçün mənfi doqquz dərəcə soyuqda və qarlı havada piyada yol getmək məcburiyyətində qalıb.
Məktəbin direktoru Fu Heng şagirdinin donmuş saçlarına, qızarmış yanaqlarına baxanda təəccüblənib və onun foto şəklini çəkib. Sosial şəbəkədə paylaşılan bu foto qısa zamanda xeyli marağa səbəb olub.
“Buz uşaq” adı ilə məşhurlaşan balaca oğlanın fotosunu görən bir çox insan məktəbə 15 min dollardan çox pul, 20 isitmə sistemi və 144 qalın yun paltar hədiyyə edib.
Çinli oğlan məktəbdən uzaq bir kənddə balaca bacısı və nənəsi ilə birlikdə yaşayır.
23.01.2018