General Həzi Aslanovun adı qəhrəmanlıq simvoluna çevrilib
Yanvarın 22-si İkinci Dünya müharibəsinin görkəmli sərkərdələrindən biri, iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları qvardiya general-mayoru Həzi Aslanovun doğum günüdür.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu münasibətlə qəhrəmanın Lənkəran şəhərindəki ev-muzeyində anım mərasimi keçirilib.
Ümumtəhsil məktəblərinin müəllim və şagird kollektivlərinin, ziyalıların, ictimaiyyət nümayəndələrinin qatıldığı tədbirdə qəhrəmanın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edənlər görkəmli sərkərdənin İkinci Dünya müharibəsində göstərdiyi misilsiz şücaətindən, qəhrəmanlığından danışıblar.
Qeyd olunub ki, 34 yaşında iki dəfə Sovet İttifaqı Qəhrəmanı adına və general rütbəsinə layiq görülən həmyerlimizin adı qəhrəmanlıq simvoluna çevrilib. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə general Həzi Aslanovun 70 illik yubileyində Lənkəran şəhərində qəhrəmanın möhtəşəm abidəsi ucaldılıb.
Muzeyin direktoru Tamara Fətullayeva cəsur generalın şərəfli ömür yolundan söz açaraq, iştirakçıları burada toplanmış eksponatlarla tanış edib.
"Gənc Aslanovçular klubu”nun üzvləri qəhrəmanın büstü önündə Azərbaycan şairlərinin Həzi Aslanova həsr etdikləri şeirləri söyləyiblər.
22.01.2018