Moskva artistləri “Morozko” tamaşasını təqdim edəcək
Bakı, 18 yanvar, AZƏRTAC
Yanvarın 27-28-də S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının səhnəsində Moskva artistlərinin qastrolu çərçivəsində “Morozko” tamaşası göstəriləcək.
El arasında “Morozko” adlandırılan Şaxta baba çox xeyirxah bir qocadır. O, bəzən sərt olsa da, həmişə ədalətlidir. Ürəyiaçıq, səmimi insanlar dara düşəndə Morozko onlara kömək edir. Qəddar və xudbin adamlar isə layiq olduqlarına çatırlar.
Həm uşaqların, həm də böyüklərin xoşuna gələn “Morozko” həm də bir ailə tamaşasıdır.
Tamaşaçıları çoxlu mahnı, rəqs, süjet xəttinin gözlənilməz dönüşü və əlbəttə ki, xoşbəxt sonluq gözləyir.
18.01.2018