Xəbərlər

Ağcabədidə sağlamlıq imkanları məhdud uşaqlar üçün bayram şənliyi təşkil edilib

Gənclər üçün Təhsil Mərkəzinin (GTM) Qarabağ regional ofisi Ağcabədi rayonunda valideyn himayəsindən məhrum olan və əlil uşaqlar üçün Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə bayram şənliyi təşkil edib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, GTM-nin Qarabağ ofisinin rəhbəri Radə Qafarova bayram tədbirində çıxış edərək, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan Dünya Azərbaycanlılarının Həmrəylik Günü haqqında uşaq və yeniyetmələrə məlumat verib, bu günün əhəmiyyətindən söz açıb.

Sağlamlıq imkanları məhdud uşaqlar üçün keçirilən şənlikdə digər çıxış edənlər əlamətdar bayramlar münasibətilə uşaqları təbrik edib, onlara xoşbəxtlik və firavan həyat arzulayıblar.

Gənclər üçün Təhsil Mərkəzi və Ağcabədi Rayon İcra Hakimiyyəti tərəfindən uşaqlara bayram hədiyyələri təqdim olunub. Tədbir GTM Qarabağ ofisi nəzdində fəaliyyət göstərən “İnklüziv Təhsil və Uşaq İnkişaf Mərkəzi”nin şagirdlərinin ifasında musiqi nömrələri və səhnəciklərlə davam edib.

Yeni il şənliyi uşaqların böyük sevincinə səbəb olub.