Xəbərlər

Təhsil müəssisələrində bayram tədbirləri təşkil olunub

Bakı, 29 dekabr, AZƏRTAC  

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumtəhsil müəssisələrində 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə bayram tədbirləri təşkil olunub.


BŞTİ-dən AZƏRTAC-a bildiriblər ki, bayram tədbirlərində məktəblilərə Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün tarixi barədə məlumat verilib. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə təsis edilən Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün respublikamızda və müxtəlif ölkələrdə geniş qeyd olunduğu vurğulanıb. Həmrəylik gününün dünyada yaşayan soydaşlarımız arasında birlik və həmrəylik yaratmaq baxımından mühüm rol oynadığı diqqətə çatdırılıb.


Tədbirlərdə həmrəylik gününə həsr edilən videoçarxlar nümayiş olunub. Şagirdlər Vətənə, həmrəyliyə və Yeni ilə aid şeirlər söyləyib, ədəbi-bədii kompozisiyalar təqdim ediblər.


Həmçinin, təhsil müəssisələrində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə rəsm, bədii qiraət, inşa yazı müsabiqələri keçirilib, şagirdlərin əl işlərindən ibarət sərgilər təşkil olunub, divar qəzetləri hazırlanıb.