“Xalq mahnılarımızı yaşadaq” müsabiqəsinin qalibləri müəyyənləşib
Bakı, 26 dekabr, AZƏRTAC
Paytaxt məktəbliləri arasında təşkil edilən “Xalq mahnılarımızı yaşadaq” müsabiqənin final mərhələsi keçirilib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) AZƏRTAC-a bildiriblər ki, bu qurumun tabeliyindəki 211 nömrəli tam orta məktəbdə təşkil olunan tədbirdə “Məktəblinin dostu” layihəsinin rəhbəri Rüstəm Ağayev, “ASAN xidmət”in İnsan resursları və təlim şöbəsi müdirinin müavini Cahangir Hacıyev, xalq artistləri Canəli Əkbərov, Mələkxanım Əyyubova, Simarə İmanova, məktəb kollektivi və valideynlər iştirak ediblər.
Münsiflər heyətinin rəyinə əsasən, BŞTİ-nin tabeliyindəki 63 və 284 nömrəli tam orta məktəblərin şagirdləri birinci, ikinci, 20 nömrəli məktəb-liseyin şagirdi isə üçüncü yerə layiq görülüblər. Qaliblərə diplomlar təqdim edilib.
“Məktəblinin dostu” layihəsi çərçivəsində “Xalq mahnılarımızı yaşadaq” müsabiqəsinin keçirilməsinin əsas məqsədi şagirdlər arasında milli musiqi dəyərlərimizi təbliğ etmək və onların istedadını üzə çıxarmaqdır.
Müsabiqənin final mərhələsinə “Məktəblinin dostu” layihəsinin əhatə etdiyi ümumi təhsil məktəblərində təşkil olunan seçimlərdə uğurlu nəticə göstərən 31 şagird qatılıb. Məktəblilər xalq və bəstəkar mahnılarını ifa ediblər.
26.12.2017