Xəbərlər

Sağlamlıq imkanı məhdud 445 məktəbli “Sağlam həyat tərzi xoşbəxtlikdir” layihəsində iştirak edib

Azərbaycan Prezidenti yanında Gənclər Fondunun dəstəyi və “Əlilliyi olan uşaq və gənclərin idmana inteqrasiyası” İctimai Birliyinin təşkilatçılığı ilə “Sağlam həyat tərzi xoşbəxtlikdir” layihəsi çərçivəsində Sumqayıt şəhərindəki 7 orta məktəbdə təhsil alan sağlamlıq imkanları məhdud 445 məktəbli üçün xüsusi təlimlər keçirilib.


Təlimlərdə həkim-ekspertlər, tanınmış idmançılar, müəllim və məktəblilər iştirak ediblər.


Bu barədə AZƏRTAC-a layihə rəhbəri paralimpiyaçı, üçqat dünya və ikiqat Avropa çempionu, idman ustası və “Əlilliyi olan uşaq və gənclərin idmana inteqrasiyası” İctimai Birliyinin sədri Aynur Məmmədova bildirib.


O qeyd edib ki, layihə çərçivəsində məktəblilər üçün həkim-ekspertlərin məsləhətləri ilə yanaşı, motivasiya üzrə təlimlər də təşkil olunub. Bu təlimlər məktəblilərdə təhsilə, idmana, düzgün qidalanmaya, aktiv həyat tərzi yaşamağa həvəs oyadıb və pis vərdişlərdən uzaq durmaq üçün motivasiya olub. Gələcəkdə belə təlimlərin regionlarda da reallaşdırılması nəzərdə tutulub.


Qeyd edək ki, “Əlilliyi olan uşaq və gənclərin idmana inteqrasiyası” İctimai Birliyinin əsas məqsədi sağlamlıq imkanları məhdud uşaqların, yeniyetmə və gənclərin cəmiyyətə inteqrasiyasına, onların idmanla məşğul olmasına və sağlam həyat tərzi sürməsinə dəstək olmaq, həmçinin reabilitasiya olunmaları, beynəlxalq yarışlarda uğur qazanıb ölkəmizi layiqincə təmsil etmələri üçün dəstək göstərməkdir.