Xəbərlər

Xeyriyyə aksiyası: aztəminatlı ailələrdən olan və fiziki məhdudiyyətli uşaqlara bayram hədiyyələri paylanılıb

Sumqayıt, 22 dekabr, Ətrabə Rzayeva, AZƏRTAC

 

 

Dekabrın 22-də SOCAR-ın “Azərikimya” İstehsalat Birliyinin akt zalında Sumqayıt şəhərində yaşayan aztəminatlı ailələrin, həmçinin fiziki məhdudiyyətli uşaqların iştirakı ilə “Mərhəmətli olmağa tələsin” adlı xeyriyyə aksiyasının yekun tədbiri keçirilib.

 

AZƏRTAC xəbər verir ki, tədbirdə Sumqayıtda fəaliyyət göstərən dövlət və özəl sektorun, idarə və müəssisələrin, klinikaların, şəhər bələdiyyəsinin, ictimai təşkilatların, sığorta şirkətlərinin nümayəndələri iştirak ediblər.

 

Bildirilib ki, bir aydan artıq davam edən aksiyaya şəhərdə fəaliyyət göstərən 20-ə yaxın şirkət, idarə, müəssisə və təşkilat qoşulub. Əldə olunan vəsait hesabına ehtiyacı olan, aztəminatlı ailələrin uşaqlarına isti qış geyimləri alınıb, iki yüzədək uşağa hədiyyələr paylanılıb.

 

“Azərikimya” İstehsalat Birliyinin Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Muxtar Babayev və Respublika “Qızıl Aypara” Cəmiyyətinin Sumqayıt şəhər təşkilatının sədri Mətanət Məhərrəmova çıxış edərək, 7 ildən bəri davam edən və artıq ənənə halını almış bu xeyirxah təşəbbüsə qoşulan, bu gün də bu missiyanı ürəklə davam etdirən idarə, müəssisə və təşkilat rəhbərlərinə, həmçinin sahibkarlara minnətdarlıqlarını bildiriblər.

 

Tədbirin bədii hissəsində Şaxta baba və Qar qızı qarşıdan gələn Yeni il münasibətilə uşaqları təbrik edib, onlara “Araz” Marketlər Şəbəkəsi tərəfindən hazırlanmış hədiyyələr təqdim olunub.

 

Həmçinin “Kimyaçı” Mədəniyyət sarayının bədii və rəqs kollektivləri uşaqlar qarşısında bir-birindən maraqlı musiqi və rəqs nömrələri ilə çıxış ediblər.