
Bakı, 22 dekabr, AZƏRTAC
Paytaxtın Xətai rayonundakı 257 nömrəli tam orta məktəbdə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun X qrant müsabiqəsinin qalibi Aynur Orucovanın “Ekoloji sağlam həyat gənclərin gözü ilə” adlı layihəsi çərçivəsində “Yaşıl həyat” mövzusunda rəsm müsabiqəsinə yekun vurulub.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, müsabiqə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi və Xətai Rayon İcra Hakimiyyəti, rayon Gənclər və İdman İdarəsi və 257 nömrəli tam orta məktəbin təşkilati dəstəyi ilə keçirilib.
Tədbiri giriş sözü ilə açan rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Elvin Orucov son illər ekoloji problemlərin həlli istiqamətində dövlət tərəfindən görülən işlər haqqında danışaraq layihənin gənclərin ekoloji marifləndirilməsi sahəsində mühüm əhəmiyyət kəsb etdiyini söyləyib.
“Yaşıl həyat” mövzusu üzrə keçirilən müsabiqənin nəticələrinə görə Gülxanım Əmirli birinci, Nigar Zeynalova ikinci, Fatimə Şirəliyeva üçüncü yeri tutublar.
Müsabiqənin qaliblərinə diplom və xatirə hədiyyələri təqdim olunub, digər iştirakçılara isə sertifikatlar verilib.
22.12.2017