Xəbərlər

Gənc kimyaçıların müsabiqəsində 35 nömrəli tam orta məktəbin komandası birinci yerə layiq görülüb

Bakı, 22 dekabr, AZƏRTAC

 

  
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumtəhsil məktəbləri və uşaq-gənclər inkişaf mərkəzlərinin şagirdləri arasında keçirilmiş gənc kimyaçıların yaradıcılıq müsabiqəsinin qalibləri məlum olub.


BŞTİ-dən AZƏRTAC-a bildiriblər ki, müsabiqənin final mərhələsinin nəticələrinə əsasən, 35 nömrəli tam orta məktəbin komandası 44 balla I, 160 nömrəli klassik gimnaziyanın komandası 39 balla II, 156 nömrəli tam orta məktəbin komandası isə 38 balla III yerə layiq görülüb.


Müsabiqənin final mərhələsində Yasamal rayonu 286, Nərimanov rayonu 177, Binəqədi rayonu 182, Nəsimi rayonu 35, Qaradağ rayonu 180, Xəzər rayonu 156, Suraxanı rayonu 104, Pirallahı rayonu 168, Sabunçu rayonu 72 və 108, Xətai rayonu 204 və 249, Nizami rayonu 70 və 109  nömrəli tam orta məktəblərin və Səbail rayonu 160 nömrəli klassik gimnaziyanın komandaları iştirak edib.


Komandalar ümumtəhsil və uşaq-gənclər inkişaf mərkəzlərinin proqramlarına uyğun olaraq 30 sualdan ibarət test tapşırığını, 2 məsələ və təcrübə işini yerinə yetirib. Doğru cavablandırılan hər bir test tapşırığı bir, məsələ və təcrübə işi isə beş balla qiymətləndirilib.


Müsabiqənin keçirilməsində əsas məqsəd məktəblilərin tədqiqat işlərinə və kimya fənninə olan marağının daha da artırılması, onların bu sahədə nəzəri və təcrübi biliklərinin təkmilləşdirilməsi, eləcə də istedadlı  şagirdlərin aşkara çıxarılması olub. Müsabiqədə iştirak edən komandalar üç nəfərdən (IX  sinif-1 nəfər, X sinif-1 nəfər, XI sinif-1 nəfər) təşkil olunub.


Müsabiqə qaliblərinə BŞTİ tərəfindən diplomlar təqdim olunacaq.