Xəbərlər

Syan Syan adlı panda balasını Tokioda ilk dəfə göstəriblər

Bakı, 20 dekabr, AZƏRTAC

 


Tokionun Ueno zooparkında Syan Syan adlı panda balasını ilk dəfə olaraq tamaşaçılara göstəriblər. Panda bu il iyunun 12-də doğulub və yalnız indi pandasevərlər ona tamaşa edə biləcəklər. Bu hadisə görünməmiş ajiotaj yaradıb. Pandanın ilk görüşünə gələnlər arasında Tokio meri Yuriko Koike də olub. 


AZƏRTAC “Sinxua” Agentliyinə istinadla xəbər verir ki, ağaca cəld dırmaşan yarımillik bala pandanı əvvəlcə yapon məktəbliləri və jurnalistlər şüşə sipər arxasından seyr ediblər. Bu, 1988-ci ildən sonra bala pandanın ilk nümayişi sayılır. İzdihamın qarşısını almaq və pandanı stressə salmamaqdan ötrü zoopark yanvarın sonunadək ziyarətçilərin sayını gündəlik 2 min nəfərədək azaltmaq qərarına gəlib.

 
Syan Syan (yapon dilindən tərcümədə “ətir”, “xoş iy” deməkdir) adlı panda balasının çəkisi 12,3 kiloqramdır, bu dişi bala ortaölçülü it boydadır və özünü çox yaxşı hiss edir. Onun anası – Sin Sin adlı panda 2012-ci ildə də körpə dünyaya gətirmişdi. Lakin balaca 6 gündən sonra sətəlcəmdən ölmüşdü. Yaponiya zooparkında bu körpənin dünyaya gəlməsini nə az, nə çox, düz 24 il gözləyiblər. 


Hazırda yer üzündə 1590-dan artıq panda yaşayır, onlardan 217-si qapalı şəraitdədir.