Xaçmazda intellektual yarışın qalibləri mükafatlandırılıb
Xaçmaz, 19 dekabr, Elxan Yusifli, AZƏRTAC
Xaçmazda səkkiz komandanın yarışdığı “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə qaliblər müəyyənləşib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi, “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin təşkilatçılığı “Arifə bir işarə” layihəsi çərçivəsində keçirilən yarışda 50-yə yaxın yeniyetmə və gənc təmsil olunub.
Mükafatlandırma mərasimində layihə rəhbəri Ramin Mahmudov bildirib ki, intellektual yarışlar “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının müvafiq bəndinin icrasına dəstək vermək məqsədilə icra edilir.
Layihə şimal zonasına daxil olan Xızı, Siyəzən, Şabran, Xaçmaz, Qusar və Quba rayonlarında yaşayan və təhsil alan yeniyetmə və gənclərin asudə vaxtlarını səmərəli təşkil etmək, onların vətənpərvərlik və vətəndaşlıq tərbiyəsinin yüksəldilməsinə xidmət etmək, eyni zamanda, intellektual oyunlar vasitəsilə Azərbaycanımızın mədəniyyəti, tarixi, coğrafiyası, adət-ənənələri barədə biliklərini daha da artırmaq məqsədi daşıyır.
Xaçmaz rayon Gənclər və İdman İdarəsinin əməkdaşı Elman Məmmədov, Xaçmaz rayon Təhsil Şöbəsinin əməkdaşı İmran Müseyibov bu kimi layihə və tədbirlərin gənc nəslin təhsilə marağının artırılmasında, eləcə də məntiqi düşünmə bacarıqlarının inkişafında, vətənpərvərlik və vətəndaşlıq tərbiyəsinin yüksəldilməsində əhəmiyyətli rol oynadığını qeyd edib.
Çıxışlarda Azərbaycan Gənclər Fondunun gənclərə və gənclər təşkilatlarına göstərdiyi dəstəkdən danışılıb, fondun qrant proqramları barədə məlumat verib.
Yarışın yekununda qalib və mükafatçılar diplom, medal və kubokla təltif edilib.
19.12.2017