Bakı məktəblisi dünya çempionatında növbəti dəfə birinci yerə layiq görülüb
Bakı, 19 dekabr, AZƏRTAC
Paytaxt məktəblisi İtaliyada K-1 üzrə dünya çempionatında birinci yerə layiq görülüb.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 246 nömrəli məktəb-liseyin XI sinif şagirdi Ramazan Abdullayev çempionatda 54 kiloqram çəki dərəcəsində bütün rəqibləri üzərində qələbə qazanıb.
BŞTİ-dən AZƏRTAC-a bildirilib ki, R.Abdullayev medal və diplomla təltif olunub.
Qeyd edək ki, məktəbli 2013-cü ildən indiyədək beş dəfə ölkə səviyyəli idman yarışlarında birinci yeri tutub. Bir yarışda ikinci, digərində isə üçüncü yerə sahib olub. Üç dəfə Gürcüstanda təşkil edilən beynəlxalq turnirlərdə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. İki dəfə İtaliyada keçirilən dünya çempioatında bütün rəqibləri üzərində qələbə qazanıb. R.Abdullayev Rusiya və Tailandda təşkil olunan beynəlxalq yarışlarda da birinci yeri tutub.
19.12.2017