Hirkan Milli Parkında məktəblilər üçün “Yaşıl düşüncə” düşərgəsi təşkil edilib
Hirkan Milli Parkının Astara rayonu ərazisindəki “Hirkan ekoturizm” İstirahət Mərkəzində Masallı məktəbliləri üçün “Yaşıl düşüncə” düşərgəsi təşkil edilib. Düşərgə Təhsil Nazirliyinin qrant müsabiqəsində qalib gələn “Masallı məktəbliləri arasında “yaşıl düşüncə” düşərgəsinin təşkili” layihəsi çərçivəsində reallaşıb.
Layihə rəhbəri Nəsimi Bədəlov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, iki gün davam edən düşərgədə Masallı rayonunun 25 məktəblisi iştirak edib. Düşərgədə beynəlxalq dərəcəli təlimçi Rafət Şirəliyev tərəfindən şagirdlərə ətraf mühit, könüllülük, “yaşıl düşüncə”nin təbliği istiqamətində məlumatlar verilib.
Məktəblilər qrup işlərində və müxtəlif oyunlarda iştirak ediblər.
Təlimlər başa çatdıqdan sonra şagirdlər “Astaraçay” MMC-nin çay plantasiyasına gələrək, burada görülən işlərlə tanış olublar. Düşərgənin sonunda məktəblilərə sertifikatlar verilib.